news-8

100 il əvvəl kraud-fandinq və ona münasibət

1911-ci ildə Mirzə Ələkbər Sabir ölür. Abbas Səhhət istəyir ki, onun şeirlərini bir yerə yığıb kitab çap etdirsin, çünki Sabir yazırdı, amma kitabı çap olunmamışdı. Heç öz kitabını görmədi də.

Abbas Səhət qəzetlərdə elan verir ki,  "Ay camaat, gəlin, yardım edin Mirzə Ələkbər Sabirin kitabını çap etdirək."

Cəmi 26 rubl pul yığılır. Onun 5 rublunu Nəcəf bəy Vəzirovun qızı göndərir, qalanını da Sabirin şagirdələri 3 qəpik, 5 qəpik yığıb göndərirlər. Həmin ilin yayında azərbaycanlı qadınları ilə erməni qadınları Dilicanda istirahət edirlərmiş. Necə olursa erməni qadınları Sabirin kitabıyla bağlı elana rast gəlir, qərara gəlirlər ki, yardım etsinlər. Bilirsiz niyə ? Çünki Sabirin "Qorxuram" adlı şeirindəki "harda müsəlman görürəm qorxuram" misrası onların çox xoşuna gəlirdi...

Bir yığıncaq təşkil edirlər, həmin yığıncaqda yığılan bütün pulları da göndərirlər kitabın çapı üçün. Beləcə, Mirzə Ələkbər Sabirin "Hop-Hopnamə" adlı ilk kitabı çap olunur və üstəlik kitabın ilk nəşrinin ön sözündə də, kitabın kimlərin puluyla çap olunduğu qeyd olunur.

Həsən bəy Zərdabi qərar gəlir ki, müsəlman xeyriyyə cəmiyyəti qursun. Çünki erməni xeyriyyə cəmiyyəti var idi, amma müsəlmanlarınkı, yəni azərbaycanlılarınkı yox idi. Zərdabi həmin vaxt Bakı gimnaziyasında dərs deyirmiş. Görür ki, gimnaziyada oxuyan 120 şagirdən 11-i azərbaycanlıdır, qalanları isə qeyri millətlərdəndir. Ona görə də bu xeyriyyə cəmiyyətini qurub oxumaq istəyən azərbaycanlı uşaqları oxutdurmaq istəyirmiş. Düşür Azərbaycanın canına, bölgə-bölgə gəzir, pul yığa bilmir, gəlib çıxır Şuşaya. Bununla həmin vaxt bir erməni redaktoru da gedibmiş Şuşaya. O da öz təşkilatları üçün pul yığırmış. Şuşada bəylər bunu yaxşı qarşılayır. Necə olsa ziyalıdı, Bakıda dərs deyən müəllimdi, həm də ki, bəy oğludu. Yaxşı yeyib-içmək təşkil edirlər bunlar üçün. Elə ki, Zərdabi "kasıb müsəlman uşaqlarını oxutmaq üçün pul yığıram" deyir, bəylər başlayır bir-bir aradan çıxmağa.. Bəlkə də Üzeyir Hacıbəyov, "O olmasın bu olsun"dakı hamam səhnəsini bu əhvalatdan götürüb.

Zərdabi əliboş qalır, amma o məclisdəki erməni redaktoru pul yığa bilir. Orda olan bir hadisə isə ona lap pis təsir edir. Bir yaşlı erməni kişisi gəlir, yaşı 70-dən yuxarı. Ömrünü eşşəklə su daşıyıb satmaqla keçirmiş, Mkrtıç adlı bir kişi. Gəlib redaktora deyir ki, - "Mən qoca kişiyəm, kimim-kimsəm də yoxdu. Bütün oxumaq istəyən erməni uşaqlarını da öz balam sayıram. Alın bu pulu o oxumaq istəyənləri oxudun."

Bunu deyib 980 rubl Nikolay pulunu qoyur redaktorun qabağına. Həsən bəyə bu çox təsir edir. Gəlir Bakıya və bu əhvalatı qələmə alır.

Sonunda da yazır ki, "Bir erməni Mkrtıçda olan milli qeyrət, bütün Qarabağ bəylərində olmadı."  

Müəllif: Şirməmməd Hüseynov (1924-2019) Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı


  TOP