Yapon olan Jiro Ono 1932-ci ildə hələ 7 yaşında ikən alkoqolik olan atası tərəfindən tərk edilmişdi. O, 2 il sonra, yəni 9 yaşında olarkən ailəsi o qədər kasıb idi ki, evdən çıxıb iş tapmaq məcburiyyətində qalmışdı. Bugünsə Jiro dünyanın ən böyük suşi aşpazlarından biridir.
Əzmkarlıq.
Daha sonra bir suşi restoranında təcrübəçi kimi işə başlayan Jiro bu peşəni 80 ildən çoxdur ki, icra edir. Jiro işə başlayanda iqtisadi böhran dünyanı bürümüşdü və dəqiq olan bir məsələ vardı ki, o yaşamaq üçün çalışmalı idi. Çünki o vaxtlarda Jiro kimi bir çox gəncin işə ehtiyacı var idi, buna görə də kifayət qədər işləmədiyi təqdirdə işdən çıxarılaraq dərhal başqa işçiylə əvəzlənə bilərdi. Jiro tək başına idi və işdə müdiri tərəfindən döyülüb, çətin şəraitdə işləməyə məruz qalsa da, o yorulmadan çalışırdı. Zaman keçdikcə zəhmətinin bəhrəsini almağa başladı: Jiro hazırda Tokioda məşhur suşi barının sahibidir və bu bar 3 ulduzlu “Guide Michelin” mükafatına sahibdir (Restoran və otel mətbəxlərinə verilən prestijli bir mükafatdır.)
Sukiyabashi Jiro 10 stoldan ibarət bir suşi barıdır. İçəridə siz sadəcə 15-20 dəqiqəlik otura bilərsiniz, bu zaman sizə 20 ədəd suşi təqdim edilir. 15-10 dəqiqəlik yeyib-içməyin xərci isə 350 dollardır. Dünyanın hər yerindən bu bara maraq çoxdur, buna görə də yer ayırmaq üçün aylar öncədən rezerv etmək zəruri bir hal olur. 2014-cü ildə ABŞ-ın o zamankı prezidenti Barak Obama Yaponiyanın Baş naziri ilə birgə Jironun qonaqları olmuşdular. Hətta David Gelb Jiro haqqında “Jiro Dreams of Sushi” adlı sənədli filmi çəkmişdir.
Jiro ancaq milli bayramlarda və hüzr olduğu təqdirdə istirahət edir. Qalan günlərdə isə restoranın başında onu görmək mümkündür. Onun hazırladığı suşi özünün belə xoşuna gəlməsə müştərilərə bu yeməyi təqdim belə etmir. Jiro özünü tənqid edir, hər vəziyyətdə irəli baxmağa çalışır. Həm daha yaxşı suşi hazırlamaq, həm də özünü inkişaf etdirmək üçün daim müxtəlif yollar axtarır.
Jirodan suşi hazırlamağı öyrənmək ehtimalımız az olsa da, çalışqanlıq və əzm barədə o xüsusi bir örnəkdir.
Jiro deyir: “Uğurlu olmağın sirri həyatını bacarıqlarını mükəmməlləşdirməyə həsr etməkdir.”