Günümüzün populyar peşələrdən biri, şübhəsiz ki, proqram mühəndisliyidir. Müxtəlif proqram dillərinin mövcud olduğu bir vaxtda hansı proqram dilini öyrənmək vacib suallardan biridir. Öyrənmək üçün dil seçimi mürəkkəb bir məsələdir, çünki müxtəlif məqsədlər üçün bir neçə alternativ istifadə olunur. Beləliklə, düzgün birini seçmək nə ilə maraqlandığınızdan və tələb olunan işlərdən asılı olacaq. 2022-ci ildə ən çox istifadə olunan proqramlaşdırma dillərini sizin üçün sadaladıq.
Python
Python bu gün ən çox istifadə edilən proqramlaşdırma dillərindən biridir. Bunun ən böyük səbəbi öyrənilməsinin asan olmasıdır. Kodlaşdırma dili ingilis dilinə oxşar sintaksisə malikdir, bu da kodu başa düşməyi asanlaşdırır. Java kimi dillərlə müqayisədə işləmək üçün daha az kod sətirinə ehtiyacınız olacaq. Açıq mənbəli proqramlaşdırma dili olan Python süni intellekt sahəsində ən çox istifadə olunan dillərdən biridir.
Python həm də bir çox dizayn alətlərinin proqramlaşdırılması üçün istifadə olunur. Blender, Inkscape və Autodesk kimi 2D təsviri və 3D animasiya proqramlarını inkişaf etdirmək üçün istifadə olunur.
Java
Oracle Corporation tərəfindən yaradılan Java ən populyar proqramlaşdırma dillərindən biridir. Java ümumi təyinatlı dil olub, obyekt yönümlü bir quruluşa malikdir. Bir çox cihaz Java proqramlaşdırma dilini dəstəkləyir. Java proqramları ilə işləyən 3 milyarddan çox cihazın olduğu təxmin edilir. Sözügedən proqramlaşdırma dili veb və proqramların hazırlanmasında geniş istifadə olunur. Həmçinin Google, Amazon, Twitter və YouTube kimi əhəmiyyətli internet saytlarının arxasında istifadə edildiyi görülür.
Java dilini öyrənmək orta çətinlikdədir. Buna baxmayaraq, dilin böyük icması o deməkdir ki, kömək lazım olduqda asanlıqla dəstək tapa bilərsiniz.
Kotlin
Kotlin 2011-ci ildə JetBrains tərəfindən hazırlanmış və təqdim edilmişdir. Ümumi məqsədli proqramlaşdırma dili olan Kotlin rəsmi olaraq ilk versiyasını 2016-cı ildə təqdim etdi. Java dili ilə işləyə bilən və funksional proqramlaşdırma dillərini dəstəkləyən bir dildir. Android, veb, masaüstü və server tərəfində Kotlin ilə müxtəlif təyinatlı proqramlar yaradıla bilər. Haqqında danışdığımız proqramlaşdırma dili Java-dan daha yaxşı təməl üzərində qurulub. Bu şəkildə bir çox proqramçıya təsir edərək qısa müddətdə geniş yayıldı. Xüsusilə Google tətbiqlərinin əksəriyyətinin Kotlin əsaslı olması bunu sürətləndirdi.
Coursera, Pinterest, PostMates Kotlin proqramlaşdırma dilindən istifadə edən şirkətlər sırasındadır. Veb, mobil, masaüstü və server platformalarında istifadə olunan bu dil Java kimi ümumi məqsədə xidmət edir.
C# proqramlaşdırma dili
Microsoft tərəfindən yaradılan C# 2000-ci illərdə şöhrət qazanmışdır. C# dilinin yaradıcısı Anders Hejlsberg bildirmişdir ki, bu dil Java-dan daha çox C++ dilinə bənzəyir. Mobil və korporativ proqramlarda tez-tez istifadə edilən bu proqramlaşdırma dili sürətli və açıq mənbəlidir. Xüsusilə Microsoft tərəfindən dəstəklənməsi bu dilin inkişafına və proqramçılar tərəfindən ona üstünlük verilməsinə səbəb olmuşdur.
C proqramlaşdırma dili
C proqramlaşdırma dili bütün dünyada geniş istifadə olunan çoxməqsədli proqramlaşdırma dilidir. Bu dil C#, Java və JavaScript proqramlaşdırma dillərinin köküdür. C++, C proqramlaşdırma dilinin təkmilləşdirilmiş versiyasıdır. C və C++ dilləri yüksək performanslı dillər hesab olunur. Bu səbəbdən müştəri/server proqramlarında, Firefox və Adobe kimi kommersiya məhsullarında, video oyunlar kimi performans yönümlü proqramlarda aparıcı dillərdən biridir.
Universal dillər olan C və C++ müxtəlif sistemlərə tətbiq oluna bilər. Dilin üstünlüyü ondan ibarətdir ki, müxtəlif platformalarda istifadə oluna bilər. Hansı əməliyyat sistemi və ya kompüter interfeysiniz olursa olsun, əmin ola bilərsiniz ki, C++ sizin ehtiyaclarınızı ödəyəcək.
Swift
Swift proqramlaşdırma dili Apple tərəfindən hazırlanmış bir dildir. 2014-cü ildə Linux və Mac proqramları üçün hazırlanmış bu proqramlaşdırma dili ümumi məqsədlər üçün hazırlanmış bir dildir. Onu da qeyd etmək lazımdır ki, digər proqramlaşdırma dilləri ilə müqayisədə daha az kodlaşdırma bacarığı tələb olunur. Bu dil məşhur iOS proqramlarında, həmçinin WordPress, Mozilla Firefox, SoundCloud proqramlarında istifadə edilmişdir. Bütün bunlara baxmayaraq, digər proqramlaşdırma dilləri ilə müqayisədə yeni bir dildir.
JavaScript
Ən çox istifadə olunan proqramlaşdırma dilləri siyahısı JavaScript daxil edilmədən tamamlana bilməz. Dünyada minlərlə vebsaytın hazırlanmasında bu dildən istifadə edilir. JavaScript istifadəçilərə interaktiv və dinamik məzmun yaratmağa imkan verir və veb brauzerdə icra edilə bilər. Təsirli interfeyslər və vizual dizayn istəyirsinizsə JavaScript sizin üçün mükəmməldir. JavaScript-dən istifadənin diqqətəlayiq üstünlüyü onun təmin etdiyi sürətdir. Platforma sürətli işləyir, çünki brauzer vasitəsilə dərhal idarə oluna bilər. Onu öyrənmək və istifadə etmək də asandır.