“Xoşbəxtlik məqsədinə çatmaq deyil, bu uğurda davam etməkdir."
Ingvar Kamprad
Ingvar Kamprad 1926-cı ildə İsveçdə, Smaland əyalətinin Agunnaryd kəndi yaxınlığında anadan olmuş, ilk qazancını 6 yaşında kibrit satmaqla əldə etmişdi. 10 yaşında isə qonşularına yeni il hədiyyəsi kimi qələm, dekorativ əşyalar satmağa başlamışdı. Yeniyetmə yaşlarında nazi gənclik qrupuna qoşulur. Ancaq bu fəaliyyətini daha sonra “həyatının ən böyük peşmançılığı” kimi adlandırmış, hətta bununla bağlı bir üzr məktubu da yazmışdır.
17 yaşında disleksiyadan əziyyət çəkməyinə baxmayaraq, məktəbdə yaxşı tələbə olduğu üçün atası ona bir miqdar pul bağışlayır. O da bu pulla 1943-cü ildə İKEA-nı yaradır. İlk 5 ildə mebel istehsal etmədən, sadəcə bəsit, kiçik ev əşyaları satılırdı. IKEA Ingvar Kamprad’ın ad və soyadının ilk iki hərfindən ibarətdir. “EA” hissəsi isə Kamprad’ın dünyaya gəldiyi Elmtaryd kəndinin və yaxınlıqda digər bir kənd olan Agunnaryd’ın baş hərflərini ifadə edir. IKEA 1947-ci ildə yerli istehsal olan mebel satışına başlayır. 1955-ci ilə qədər yerli mebel şirkətləri Kamprad’ın ucuz qiymətlərinə etiraz edərək IKEA-nı boykot edirdilər. Bu, Kamprad’ı evdə əşyalar düzəltməyə məcbur edir.
1956-cı ildə Kamprad IKEA-nın ən fərqli xüsusiyyəti olan "mebel hissələri" ideyasını həyata keçirir. Bu həm IKEA-nın xərclərini azaldırdı, həm də inqilab yaratmışdı. Beləliklə, insanlar istifadəyə hazır mebel deyil, mebelə çevrilə bilən hissələr alacaqdılar. Kamprad yastı paketləmə olan sadə, eyni zamanda inqilabi yeniliyin arxasında dururdu. IKEA məhsullarını öz anbarlarından yastı paket şəklində satmağa başlamışdı. Beləliklə, təməl IKEA konsepsiyası - sadə, sərfəli, düz paketləməli mebellər- tamamlanır. IKEA-nın arxasında duran əsas fikir hər kəsin qəşəng, modernist mebellərə sahib olmasıdır. Kamprad, təkcə xərcləri azaltmaq və pul qazanmaq deyil, həm də insanlara xidmət etdiyini başa düşürdü.
Kampradın işi böyüyürdü. IKEA İsveçdən Norveç və Danimarkaya, Almaniya vasitəsilə Avropaya və dünyanın müxtəlif ölkələrinə qədər genişlənirdi. IKEA Şanxayda açıldığı zaman mağazanı 80.000 nəfər ziyarət etmişdi. Bugün dünyada 38 ölkədə 300-dən çox IKEA mağazası var. Bu müddət ərzində isə Kamprad heç vaxt borc almamışdı. Kamprad 2018-ci ildə vəfat edənə qədər yeni IKEA mağazalarını ziyarət etmək üçün dünyanı gəzməyə davam edir, işçilərini iş yoldaşları adlandırırdı, hər kəsi qeyri-rəsmi geyinməyə təşviq edir, ucuz otellərdə qalır, həmçinin köhnə bir Volvo sürürdü.