[email protected] World Language Center (Səid Rüstəmov 17)
Kraudfandinq nədir?

Kraudfandinq nədir?

       Kraudfandinq internet vasitəsilə insanların könüllü olaraq kollektiv şəkildə öz vəsaitlərini və digər resurslarını hər hansı layihəni həyata keçirmək üçün birləşdirilməsi adlandırılır. İngilis dilindən tərcümədə hərfi olaraq “kütləvi maliyyəşdirmə” (сrowd – “kütlə”, funding – “maliyyəşmə”) mənasını verir. Kraudfandinq vasitəsilə yığılan vəsaitlər müxtəlif sahələri əhatə edir: bu həm hər hansı sosial təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş layihə, həm də futbol komandasının azarkeşlərinin keçirdiyi dəstək aksiyası da ola bilər. Amma müasir dünyada kraudfandinq bir çox hallarda startap anlayışı ilə bağlıdır və faktiki olaraq maliyyə sahəsində alternativ pul yığımı üsuluna çevrilib.

       Kraudfandinq anlayış olaraq yalnız 13 il əvvəl, 2006-ci ildə təklif olunub. Məhz o il, Ceff Haui könüllü olaraq vəsaitlərin yığılmasını kraudfandinq, insanların cəlb edilməsini isə kraudsorsinq adlandırılmasını təklif edib. Amma kraudfandinq proses olaraq çox uzun tarixə malikdir. Bəzi ölkələrdə ilk kraudfandinq nümunələrini 17-18-ci əsrə aid edirlər. Azərbaycanda da kraudfandinq 100 ildən uzun bir tarixi var. Belə ki, Rusiya imperiyası dövründə Azərbaycanda adətən insanlar kollektiv olaraq kənddə məktəb və ya kilsənin tikilməsi üçün pul yığırdılar. Misal üçün, Bakıda Aleksandr Nevski kilsəsinin ilk kapitalı belə yığılmışdı. Amma bəzən sosial məqsədlər üçün də pul yığılırdı. İlk belə hadisə 1911-ci ildə baş vermişdi. Sabirin ölümündən sonra, onun dostların əsərlərinin məcmuəsini dərc etməyə qərar verdilər. Bu məqsəd üçün 400 manat (müqayisə üçün, sıravi işçinin aylıq ərzaq xərcləri 6-10 manat təşkil edirdi) vəsait lazım idi. Bu pulu cəmiyyətin dəstəyi hesabına yığmağa qərar verdilər. İanələr yığımı üçün o dövrün ən məşhur qəzetlərində “Kaspi”, “Yeni İrşad”, “Bakı” qəzetlərində elan verdilər. Bu elanlar periodik olaraq təkrarlanırdı. Amma yığım heç də uğurlu deyildi. 1911-ci ilin sonuna lazım olan vəsaitdən yalnız 20 manat (o da eyni çevrədən olan 8 nəfərdən gəlmişdi), 1912-ci ilin sonuna isə tamaşa hesabına bu vəsait 200 manata qalxdı.

         A. Şaiq ilk 1912-ci ilin mayında yazdığı məqalədə bu kraudfandinq kampaniyasının ilk prinsiplərini elan etdi. Ona görə, belə bir layihələrdə “sərvət sahiblərinə ümid olmamağı, bu cür böyük bir işin xalqın dəstəyi ilə görülməsinin vacibdir”. Buna baxmayaraq, kitabı yalnız 200 manat ilə dərc edilməsinə məcbur oldular (əsərlərin sayını azaltdılar, redaktə də çox keyfiyyətli deyildi).

       Dünya üzrə müasir formada kraudfandinqin tarixi 1997-ci ildə başlayır. Britaniya rok-qrupu Marillion-un fanatları, qrupun ABŞ ərazisi üzrə konsert turunun təşkilini istəyirdilər. Qrupun bunu etməsinə vəsaiti çatmırdı. Nəticədə qrupun iştirakı olmadan, onun fanatları bu məqsədlə 60 min dollar yığdılar. Sonradan qrupun bir neçə albomu da belə çıxarılmışdır. Ümumiyyətlə kraudfandinqin ilkin dövrlərdə yaranması əsasən musiqi sahəsi ilə bağlıdır. Bu nümunədən sonra daha bir neçə ifaçı öz albomları üçün vəsaitləri kraudfandinq vasitəsilə yığmışdılar. Nəticədə elə ilk kraudfandinq platforması da musiqiyə aid idi – bu 2000-ci ildə ABŞ-da yaranmış Artistshare adlı platform idi.

     Musiqidən sonra kraudfandinq kino çəkiliş sahəsində aktiv istifadə edilməyə başladı. Bu sahədə Erik Bauman adlı şahibkar, 2002-ci ildə FilmVenture.com saytını yaratdı. İki ildən sonra Fransa prodüsserləri “Demain la Veille” (“Dünənin gözlənməsi”) adlı filminin çəkilişlərini bitirmək üçün internet-kraudfandinq kampaniyasına başladılar. Üç həftə ərzində onlar  50 min dollar yığaraq, çəkilişləri davam etdirə bildilər. Başqa tərəfdən onlar kraudfandinq sahəsində bir ilkdən istifadə etdilər. Belə ki, ilk dəfə idi ki, donorlara (pul vəsaitlərini köçürən şəxslərə) da təkliflər edilmişdi: köçürülmüş vəsaitin həcmindən asılı olaraq pulsuz DVD, çəkilişlərdə iştirak, bonuslar və s. Bu layihənin uğuru nəticəsində, növbəti dəfə artıq Böyük Britaniyada iqlim dəyişikliyi barədə sənədli filmin çəkilməsinə artıq 1 milyon funt yığılmışdı.

Bundan sonra kraudfandinq tədricən digər sahələrdə də istifadə olunmağa başladı. Nəticədə müvafiq kraudfandinq platofrmaların sayı gündən günə artmağa başladı. Bəzi mənbələrə görə, indi dünyada 2 minə yaxın belə bir platforma mövcuddur. Onlar arasında ən məşhurları IndieGoGo 2008-ci ildə, Kickstarter isə 2009-cu ildə yaranıblar. Bu saytlarda yerləşdirilən layihələrin büdcələri bəzən 3-4 milyon dollara çatırdı və müvafiq vəsaitlər də yığılırdı. Tədricən kraudfandiq sosial sahəni də əhatə etməyə başlayır. Sosial sahibkarlıq və sosial layihələr ilə bağlı bir çox platformalar hətta bizə yaxın olan Rusiya və Belarusda mövcuddur və çox aktivdilər. Sosial sahədə ixtisaslaşan bir çox təşkilatlar ümumiyyətlə əsasən kraudfandinq hesabına fəaliyyətlərini maliyyəşdirirlər.

Kraudfandinq həyata keçirilməsi formaları müxtəlif ola bilər. Amma ilk əvvəl, kraudfandinq tələb edir ki, əvvəlcədən həm məqsəd, həm lazım olunan məbləğ və dövr müəyyən edilsin. Eyni zamanda bütün proses iştirakçılar üçün tam şəffaf olmalıdır.

İndiki dövrdə kraudfandinqin keçirilməsi əsasən iki formada həyata keçirilir:

- sahibkarlar ya da təşəbbüskarlar öz ideyasını təklif edirlər və onun müqabilində vəsait yığırlar. Bəzən bu vəsait yığımı həmçinin məhsulun əvvəlcədən satışı kimi də həyata keçirilə bilər.

- səhm kraudfandinqi – son zamanlar bir çox startaplar ilkin kapital yığmaq üçün kraudfandinq elan edirlər. Bu zaman pul köçürən donor, köçürdüyü vəsaitin həcmindən asılı olaraq, şirkətdə paya sahib olur. Belə kraudfandinq 2012-ci ildən sonra daha aktiv forma aldı. Məhz o zaman, ABŞ-də JOBS Act (Jumpstart Our Business Startups Act) qəbul olundu. Bu qanuna görə startaplar 1 milyon dollara kimi kapitalı səhmi qeydiyyata almadan həyata keçirə bilərlər.

Nəticə etibarilə kraudfandinq sosial və hətta maliyyə həyatının bir hissəsinə çevrildi.

 

Bağış et

Dəstək Olmaq İstəyirsiniz?

dəstək ol

İdeyanıza bizimlə həyat verin!