Sosial sahibkarlıq və onunla oxşar mənaları kəsb edən bir neçə anlayışı analiz edək.
SAHIBKARLIQ - Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Ümumiyyətlə sahibkar olmaq istəyinin bir neçə səbəbləri var: pul qazanmaq, ictimai rifaha töhvə vermək, öz fəaliyyət sahəsində ”İmperiya” yaratmaq, azad fəaliyyət göstərmək, cəmiyyətdə özünü təsdiq etmək və s.
XEYRİYYƏÇİLİK maddi və ya digər yardıma ehtiyacı olan şəxslərə və ya təşkilatlara təmənnasız yardım göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyətdir.
SOSİAL SAHİBKARLIQ sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Sosial sahibkarlığın əsas məqamı ondan ibarətdir ki, bir iş adamı öz kapitalı əsasında xeyriyyəçilik fəaliyyəti həyata keçirmək qabiliyyətinə malik müstəqil bir qurumdur. Qısaca desək, sosial sahibkarlıq , sahibkarlıq və xeyriyyəçiliyin kəsişməsindən yaranan fəaliyyətdir. Bəs bir sahibkarlığın sosial olması üçün hansı şərtlər ödənilməlidir?
Sosial sahibkarlıq anlayışının müəllifi Muhammed Yunus bunun üçün bir neçə şərti irəli sürürdü:
1. Biznesin əsas məqsədi pul qazanmaq yox, yuxarıda oxuduğunuz kimi sosial problemlərin həllinə çatmaqdır.
2. Biznes maliyyə/iqtisadi cəhətdən davamlı olmalıdır. Baxın, bir dilənçiyə istehlak məqsədilə pul vermək xeyriyyədir. Xeyriyyə çox gözəldir, amma davamlı deyil. Sosial bizneslərin fəaliyyət(lər)i isə daim davam etməli və hətta daha da yaxşısı, özünü inkişaf etdirməlidir. Bu prinsip sosial biznesi xeyriyyədən ayıran 2 əsas xüsusiyyətdən biridir ki, irəlidə, 2-ci fərqləndirici xüsusiyyətə də nəzər salacağıq.
3. İnvestorlar investisiya etdiklərindən çox divident götürməməlidirlər. Başqa sözlə, investorlar ənənəvi biznesdə olduğu kimi mənfəət götürmək üçün yatırım etmirlər və sosial biznesdən yalnız qoyduqları kapitalı götürürlər.
4. Mənfəət şirkətin genişlənməsi və inkişafı üçün xərclənməlidir. Amma sosial sahibkar da sosial biznesi üzərində işləmək üçün öz şəxsi ehtiyaclarını ödəyəcək qədər pula ehtiyyac duyur, axı. Burada ən əsas məsələ məqsədlə vasitəni ayırd edə bilməkdir.
5. Bir sosial problemi həll edərkən başqa bir (neçə) sosial problem yaratmamaq lazımdır. Başqa sözlə, sosial biznesdə biznesin sosial məqsədinin nə olduğından asılı olmayaraq gender, ekoloji şüurluluq, insan haqları kimi məsələlərə həssas yanaşılmalıdır.
6.Bir sosial sahibkarlığın uğurundakı ən mühüm faktor isə bu işin həqiqətən istənilərək görülməsidir. Yəni, sosial sahibkarlar bu işi zövqlə, sevinclə görməlidirlər.
İndi isə sosial sahibkarlıq və xeyriyyəçiliyin fərqlərinə nəzər salaq. Birinci fərq yuxarıda qeyd edildiyi kimi, davamlılıq məsələsidir. Xeyriyyəçilikdə birinə kömək etmək davamlı məsuliyyət deyil. İkinci fərq isə, nəticəyə nəzarətdir. Birinə göstərdiyiniz maddi dəstək həqiqətənmi onun probleminin həllinə xərclənir? Yoxsa, o, bundan sonra yenə də dəstək axtarmağa davam edir? Ümumiləşdirməli olsaq, bu fəaliyyət xeyriyyəçilik və ictimai təşkilatların fəaliyyətindən fərqlənir. Belə ki, xeyriyyəçilik ehtiyacı olana “balıq vermək” üzərində, ictimai təşkilatların sosial layihələri isə əsasən “balıq tutmağı öyrətmək” üzərində qurulmuşdur. Bu planda Bill Drayton-un sosail sahibkarlar haqqında tərifi daha çox izahedicidir: “Sosial sahibkarlar sadəcə balıq verməklə və ya balıq tutmağı öyrətməklə kifayətlənməz, bütün balıqçılıq sektorunu təməldən dəyişdirməyi hədəf alarlar”. Sosial bizneslər az təminatlı kəsimin yoxsulluq səviyyəsinin azaldılmasından ətraf mühitin qorunmasına, insan haqları pozuntuları ilə mübarizədən yox olmaq təhlükəsi ilə üz-üzə olan dil və icmaların qorunmasına qədər, təhsil, səhiyyə, inkişaf kimi bir çox sahədə təsirli fəaliyyətlər göstərə bilir. Ən sadə dildə desək, sosial sahibkarlıq cəmiyyətə faydası toxunması ilə bərabər öz xərclərini də qarşılayan biznes formasıdır.
Hər bir halda öz sosial sahibkarlıq layihənizin üzərində işləməyin əsl vaxtıdır. Çünki, sosial sahibkar olmaqla siz, 1. insanların problemlərinə diqqət göstərə;
2. yeni həllərin yarada;
3. tirajlana (ölkə və dünyada digər təşkilatlarla təcrübə mübadiləsi imkanı);
4. özünü təmin edə (sponsor dəstəyindən müstəqillik);
5. və qazanc əldə edə(layihənin inkişafını dəstəkləmək və stimullaşdırmaq lazımdır ki, gəlir gətirsin və sahibinin ehtiyaclarına cavab versin) bilərsiniz.
Əvvəlcə isə, bunu aydınlaşdıraq: Siz hansı tərəfdəsiniz? Xeyriyyəçi, sahibkar yoxsa sosial sahibkar?